Azərbaycanın ilk Baş nazirinin müstəqillik mücadiləsi - Boran Əziz

12:46 14.10.2025
Yazını böyüt
Yazını kiçilt

Xoyskinin qətlini icra edən daşnaklar olsa da, həmin qətlin təşkilatçısı və sifarişçisi bolşevik Rusiyası idi"

Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyev 17 sentyabr 2025-ci il tarixində  “Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Bununla əlaqədar tanınmış tarixçi alim, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əzizlə hafta.az üçün növbəti söhbətimizi məhz Azərbaycanın görkəmli dövlət və siyasi xadimlərindən, müstəqil və demokratik Azərbaycan dövlətinin yaradıcılarından biri və onun ilk Baş naziri olmuş Fətəli xan Xoyskinin həyat və siyasi fəaliyyətinə həsr etdik.

– Fətəli xan Xoyskinin tərcümeyi-halını oxuduqda maraqlı suallar ortaya çıxır.  Məsələn, necə oldu ki, atası Rusiya imperiyasının general-leytenantı olan, özü Azərbaycan türkcəsində çətinliklə danışan 20-30 yaşlı Fətəlinin qəlbi  Azərbaycanın müstəqilliyi ideyasının daşıyıcısına çevrildi?

–    Doğrudan da çox maraqlı, düşündürücü sualdır. Özü də Fətəlinin digər qohumları arasında da Rusiya imperiyasının generalları rütbəsinədək yüksələnlər olub. Bilirsiniz, bütövlükdə Çar Rusiyası Azərbaycan xalqının genefondunu dəyişmək üçün müxtəlif üsullardan istifadə edirdi. Köləxislətli yeni bəy təbəqəsi yaradır, özünə sədaqətli adamları irəli çəkirdi. Çox maraqlıdır ki, imperiyaya sədaqətlə qulluq edən adamlardan fərqli olaraq, onların övladları təhsil aldıqdan və dünyada baş verən prosesləri yaxşı dərk etdikdən sonra elə həmin Rusiya imperiyasına qarşı çıxırdılar. Onlardan biri də şübhəsiz ki, Fətəli xan Xoyski olmuşdu...

Gənc Fətəli xan Xoyski 1905-ci ildə Rusiyada baş verən inqilabdan sonra Əlimərdan bəy Topçubaşi ilə bərabər Azərbaycanda formalaşan Milli Azadlıq Hərəkatındakı çox əhəmiyyətli cərəyanlardan biri - millətçi-liberal cərəyanının ən fəal iştirakçısı kimi meydana çıxdı. Onun Çar Rusiyasının siyasətindən narazılığını biz II Dövlət Dumasında deputat kimi iştirak edərkən həm müsəlman fraksiyasının iclaslarında, həm də elə Dumanın tribunasından etdiyi çıxışlardan aydın görürük. Məsələn, Xoyski müsəlmanlara qarşı tətbiq edilən ayrı-seçkiliyin aradan qaldırılması, köçürmə siyasətinin dayandırılmasıyla bərabər, milli və dini mənsubiyyətlərinə görə müsəlmanların Rusiyanın bir sıra şəhərlərində yaşamasına qadağa qoyulmasının yolverilməzliyi, onların yüksək dövlət orqanlarında işləməsinə icazə verilməməsi və s. kimi halları tənqid edən çıxışlar edirdi. Onun milli mövqedə dayanan ziyalıya çevrilməsinə səbəblərdən biri ruhundakı sərbəstlik, azadlıq duyğusu idisə, digər səbəb də məhz Rusiya imperiyası tərəfindən ayrı-seçkilikılərə məruz qalması idi...

– Fətəli xan Xoyskinin Rusiya Dövlət Dumasındakı fəaliyyətinə bir az toxundunuz. Məhz bu barədə sizə sual verəcəkdim. Bu mövzuda daha nələr söyləmək olar? Bilirik ki, o eyni zamanda 1918-ci ildə bir müddət Bakı Dövlət Dumasının da sədri olmuşdu...  

– Fətəli xanın Azərbaycanın müstəqilliyi naminə siyasi fəaliyyəti 1917-ci ildə Rusiyada Çar mütləqiyyətinin devrilməsindən sonra daha çox üzə çıxdı. Mütləqiyyətin devrilməsindən sonra Azərbaycanda Müsəlman Milli şuraları yaradılmışdı. Bu Müsəlman Milli Şuralarının müvəqqəti İcraiyyə Komitəsinə üzv seçilən şəxslərdən biri də məhz Fətəli xan Xoyski idi. Sonradan Xoyski Bakıda Şəhər Dövlət Dumasına seçkilər keçirilərkən Müsəlman Milli Şurasının üzvü kimi fəal iştirak etmiş və təsadüfi deyil ki, o həm də şəhər Dövlət Dumasının sədri seçilmişdi.

Həmin dövrdə Bakıda hakimiyyəti ələ alan bolşevik cildli daşnak Stepan Şaumyanın rəhbərlik etdiyi və Azərbaycan xalqına açıq düşmən mövqe sərgiləyən Bakı Sovetinə qarşı müqavimət göstərən, demək olar ki, yeganə orqan məhz Fətəli xanın rəhbəri olduğu Bakı Şəhər Dövlət Duması idi. Bu vəzifədə də onun milli mövqedə olduğunu və Azərbaycan xalqının qarşısında duran vəzifələri yerinə yetirmək istiqamətində çox ardıcıl, düzgün və məqsədyönlü fəaliyyət göstərdiyini görürük...

Bu baxımdan da deyə bilərik, Fətəli xan Xoyskinin  bir siyasi xadim kimi formalaşmasında, heç şübhəsiz, 1917-ci ildə Azərbaycanda, xüsusən Bakı şəhərində terrorçu “daşnaksütyun” partiyasının, bolşeviklərin, eser və menşeviklərin anti-Azərbaycan siyasəti aparması da təsir göstərmişdi.

Həmin dövrdə Müsəlman Milli Şurasında müxtəlif görüşlərə sahib olan ziyalılar anlamışdılar ki, bütün qüvvələrini cəmləməsələr, bir şuar ətrafında, bir iman ətrafında birləşməsələr,  Bakı şəhərində salamat qalıb öz fəaliyyətlərini davam etdirə bilməyəcəklər. Bax, bu gerçəkliyi dərk edən və belə bir mürəkkəb şəraitdə müstəqil dövlətçilik əldə etmək istiqamətində mümkün fəaliyyət göstərən Azərbaycan milli hərəkatının liderlərindən biri də Fətəli xan Xoyski oldu...

– Deməli, Fətəli xan Xoyski bolşevik Rusiyasının dəstəyi ilə erməni daşnak və bolşeviklərin törətdiyi 1918-ci ildəki mart soyqırımı zamanı Bakı Dumasının sədri olub?

– Bəli, o vaxt Xoyski Bakı Dumasının sədri olmuşdu. Bilavasitə mart soyqırımı  günlərində o, Tiflisdə eyni zamanda, üzvü olduğu Zaqafqaziya Seymində fəaliyyət göstərmişdi. Bununla belə, Xoyski Bakıdakı əlaqələri vasitəsilə Şaumyanın başçılıq etdiyi bu müsəlman qırğınının qarşısının alınması üçün əlindən gələni etmiş adamlardan biri idi.

1918-ci ilin aprelin 20-də Zaqafqaziya Seymi çox doğru bir addım ataraq Zaqafqaziya Federativ Demokratik Respublikası adlı hökumət yaratdı.  Fətəli Xan Xoyski qısa bir müddət ərzində, təxminən 1 ay 4 gün ərzində fəaliyyət göstərmiş həmin hökumətdə təhsil naziri vəzifəsində çalışmışdı. Biz onun həmin qurumda da milli mövqedən çalışdığını görə bilərik. Məsələn, həmin dövrdə gürcülərin təklifi ilə Tiflisdə ali məktəb açılması müzakirə olunduqda  Xoyski çıxış edərək, bu məktəbin Bakıda açılmasını təklif etmişdi. Fətəli xan buna çox cəhd göstərsə də, Seymdəki erməni və gürcü nümayəndələrinin səs çoxluğuna malik olması səbəbindən ali məktəbin Bakıda açılmasına nail ola bilməmişdi...

Bununla belə, Zaqafqaziya Seymi dövründə də, xüsusən müsəlman fraksiyasının iclaslarını təşkili və aparılmasında da Xoyskinin böyük rola malik olduğunu görürük.

1918-ci ilin mayında Seymin Osmanlı dövlətinin rəhbərləri ilə əvvəlcə Trabzonda, sonra Batumda danışıqları aparılmışdı. Bu danışıqlarda Seym rəhbərliyinin xeyli hissəsi - Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Hacınski, Nəsibəy Yusifbəyli də iştirak etdiyindən Tiflisdə Seymin iclaslarının, demək olar ki, hamısını Xoyski aparırdı. Bu da təsadüfi deyildi, Fətəlinin intellektual səviyyəsi, təhsili və adamları dinləmək mədəniyyəti, onları dinlədikdən sonra onlara ən doğru yolu göstərə bilmək, ən müxtəlif dünyagörüşünə malik insanları bir arada birləşdrimək qabiliyyəti və s. ona hörmət qazandırırdı...

– Azərbaycan Demokratik Respublikasının qurulmasını dünyaya radioqramlarla elan etmiş Fətəli xan Xoyskinin müstəqil dövlətimizdəki fəaliyyəti geniş ictimaiyyəti bəlli olmayan daha hansı parlaq xidmətləri ilə yadda qalıb?

–    Fətəli Xan Xoyski 1918-ci il mayın 25-də Zaqafqaziya Seyminin iclasında  artıq Seymin dağılacağına dair məlumat almışdı və Seymin müsəlman fraksiyasının üzvləri də ona bildirmişdilər ki, may ayının 26-dakı iclasda gürcülər Seymdən çıxacaqlar. Buna görə də Seymin müsəlman fraksiyasının üzvləri Fətəli Xan Xoyskiyə gürcülərlə görüşüb vəziyyəti aydınlaşdırmağı təklif etdilər. Yəni əgər doğrudan da mayın 26-dakı iclasda gürcülər Seymdən çıxacaqlarsa, müsəlmanlar da buna müvafiq qərar qəbul etməliydilər. Beləliklə, Xoyski Seymin gürcü fraksiyasının Çixenkeli, Çixeidze, Şireteli, Qvazava və digər rəhbərləri ilə  ilə görüşdü və məlum oldu ki, həqiqətən də gürcülər mayın 26-da Seymdən çıxmağa qərar veriblər. O, geri dönüb bu barədə məlumat verdikdən sonra müsəlman fraksiyasının nə etməli olduğu müzakirə edildi. Təbii ki, mayın 27-də Seymin iclasının keçirilməsində və mayın 28-də Azərbaycan İstiqlal Bəyannaməsinin qəbul olunmasında, yeni hökumət kabinetinin yaradılmasında da Fətəli xan Xoyskinin müstəsna xidməti olub. O, bu məsələlərlə bağlı o dövrdə Batumda olan Məhəmməd Əmin Rəsulzadə ilə mütəmadi əlaqə saxlayıb müzakirələr aparırdı. Məhz Rəsulzadənin təklifi ilə Cümhuriyyət hökumətinin ilk baş naziri və daxili işlər naziri vəzifəsi Fətəli Xan Xoyskiyə həvalə olundu...

 Xoyski qısa müddətdə Tiflisdə çox böyük işlər gördü. O, 1918-ci ilin mayın 30-da  müxtəlif ölkələrin dövlət başçılarına radioqramlar göndərərək  Zaqafqaziyanın cənub və şərqində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında məlumat verdi.

1918-ci ilin iyul ayında Azərbaycan hökuməti Gəncəyə köçdükdən sonra, Osmanlı ordusuna rəhbərlik edən Nuru Paşa ilə münasibətlərdə müəyyən narazılıqların yaranmışdı. Lakin Məhəmməd Əmin Rəsulzadənin uzaqgörən vasitəçiliyi ilə bu narazılıqlar aradan qaldırıldı və elə onun təklifi ilə 12 nəfərdən ibarət ikinci hökumət quruldu. Bu yeni hökumətin də başçısı olan Fətəli xan Xoyski həm də ədliyyə naziri vəzifəsini yerinə yetirdi.  Xoyskinin  əsas ağır vəzifəsi həm hökuməti yenidən təşkil etmək, müvəqqəti idarəetmə strukturlarını formalaşdırmaq, xüsusilə də ölkənin daxilində idarəçilik işlərini bərpa etmək idi. Onun üçün ən mürəkkəb və çətin məsələlərdən biri Bakı şəhərinin xarici işğalçılardan azad edilməsi idi. Bu məsələdə Osmanlı ordusu ilə birgə müzakirələr aparan Fətəli xan Xoyski və Azərbaycan hökuməti əhalini səfərbər edərək çox mühüm addımlar atdılar. Azərbaycan Ordusunun yaradılması, səfərbərlik elan edilməsi və adamların orduya cəlb olunması bu addımlardan yalnız bir neçəsidir. Eyni zamanda, türk dilinin dövlət dili elan edilməsi və Azərbaycanın yer adlarının geri qaytarılması məsələləri də gündəmdə idi. Çar hökuməti zamanında 5 mindən yuxarı yer adını dəyişdirmişdi. Xüsusən də Yelizavetpol adlandırılmış Gəncə şəhərinin adının qaytarılması, Cəbrayıl bölgəsinin adının qaytarılması  və s. mühüm işlər idi...

Qısa müddət ərzində, çox çətin şəraitdə, demək olar ki, hələ xəzinə tam formalaşmamış halda Fətəli xan Xoyski və Azərbaycan hökuməti var qüvvəsi ilə çalışaraq böyük işlər gördü.

1918-ci ilin sentyabrın 15-də Bakının azad edilməsi və hökumətin Bakıya köçməsi ilə Azərbaycan Cümhuriyyəti öz ərazi bütövlüyünü təmin etmək yolunda mühüm addım atdı. Fətəli xan bu prosesdə böyük əməyi olan şəxslərdən biri idi...

Xeyli müddətdə Azərbaycan Xalq Cümhuriyyətini dövlət kimi tanımaqdan imtina edən ingilis generalı Tomson da 1919-cu ilin əvvəllərində ingilis siyasi xadimləri ilə birgə Cümhuriyyət hökumətini, Azərbaycanın ərazisində yeganə qanuni hökumət olaraq tanımağa məcbur oldular. Bu işlərdə də Fətəli xan Xoyskinin də əməyi böyük və danılmaz idi.

– Fətəli xan Xoyskinin qatilləri olan daşnakların konkret olaraq adları müəyyən edilib. Bəs onların cəzalandırılması istiqamətində sonradan Azərbaycanın xaricdəki təşkilatları tərəfindən hansısa addımlar atılıbmı?

– Bəli, təəssüf ki, 1920-cu il iyunun 19-da Fətəli xan Xoyski öz həyatını Azərbaycanın müstəqilliyi uğrunda fəda etdi – iki erməni daşnakı tərəfindən Tiflisdə şəhid edildi. Təbii ki, artıq Azərbaycan Rusiya işğalı altında olduğundan və istiqlal mübarizlərinin əlləri-qolları bağlandığından Xoyskinin qatillərinin cəzalandırılması üçün real tədbir görülə bilməzdi. Əslində, onun qətlini icra edən daşnaklar olsa da, həmin qətlin təşkilatçısı və sifarişçisi bolşevik Rusiyası idi. Bu baxımdan, biz yalnız icraçıları deyil, həm də bu cinayətin sifarişçiləri və siyasi təşkilatçıları olan bolşevik Rusiyasını da ittiham etməliyik. Ona görə də 1991-ci ilin 18 oktyabrında Azərbaycanın müstəqilliyinin bərpası, həm qurucu babalarımıza atılan bu qurşunlara, həm də 1920-ci ildə Azərbaycanın müstəqilliyinə son qoyan bolşevik Rusiyasına verilən  cavab idi...

Azərbaycan xalqı Azərbaycanın istiqlalı uğrunda mübarizə aparıb canlarını fəda edərək ilk demokratik müstəqil dövlətimizi qurmuş və qısa müddətdə, Rəsulzadənin sözləri ilə desək, azadlıq və istiqlal dadını insanlarımıza dadızdırmış qurucu babalarımızı daim yaşatmışdır, bu gün də yaşadır və yaşadacaq.  

Odur ki, qurucu babalarımızın yubileylərinin, o cümlədən də Cümhuriyyət hökumətinin vaxtlı-vaxtında  70, 80, 90, 100 və s. ildönümlərinin qeyd edilməsi ilə bağlı verilən fərmanları alqışlayır və bunu doğru hesab edirik. Həmçinin bu günlərdə Cümhuriyyətimizin ilk hökumət başçısı Fətəli xan Xoyskinin 150 illiyinin geniş şəkildə qeyd edilməsi barədə Fərmanı da məmnuniyyətlə alqışlayırıq. Hazırkı dövrdə, xüsusilə dünyanın yenidən bölüşdürülməsi uğrunda çox gərgin bir zamanda insanlarımızın, xüsusən də gənclərimizin vətənpərvərlik ruhunun gücləndirilməsində və bu mübarizə ruhunun gələcək nəsillərə çatdırılmasında bu işlər böyük əhəmiyyət kəsb edir...

Sultan Laçın